ABŞ İrana zərbə endirməkdən yayınacaqmı, tərəflər niyə danışıqlardan bəhs edirlər?| Rusiyalı analitik şərh edir

2026/02/1770096824.jpg
Oxunub: 481     09:36     03 Fevral 2026    
Bir sıra siyasətçilər və ekspertlər ABŞ-nin İrana zərbə endirməsinə 48 və ya 24 saat qaldığını iddia etdikləri bir vaxtda, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Moskvaya səfərindən və orada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra bəyan edib ki, İran ABŞ ilə danışıqlara hazırlaşır.

Əli Laricani “X” sosial şəbəkəsindəki səhifəsində yazıb ki, media müharibəsi ətrafında yaradılan səs-küyə baxmayaraq, “strukturlaşdırılmış danışıqlar mexanizmləri irəliləyir”.


Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da Çinə səfər edib. O, Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə danışıqlar aparır.

Bildirilir ki, tərəflər beynəlxalq və regional təhlükəsizlik sahəsində dəyişmiş vəziyyəti müzakirə edəcəklər.

Analitiklərin fikrincə, bu səfər ABŞ-İran münasibətlərindəki gərginliklə bağlı ola bilər.

CNN telekanalına verdiyi müsahibədə İranın xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, ABŞ ilə nüvə proqramı ətrafında razılığa gəlməyin mümkün olduğuna əmindir.

Əraqçi deyib: “Təəssüf ki, biz ABŞ-ni danışıqlar üzrə tərəfdaş kimi qəbul etmək baxımından etimadımızı itirmişik”. Lakin o, eyni zamanda son günlər bir sıra vasitəçi ölkələrin köməyi ilə amerikalılarla baş tutan təmasların “effektiv olduğunu” vurğulayıb.

CNN jurnalistinin İranın Vaşinqtonla birbaşa danışıqlara hazır olub-olmaması ilə bağlı sualını cavablandıran Əraqçi qeyd edib: “Əsas olan danışıqların mahiyyətidir, forması deyil”.

İranın “Fars” agentliyi diplomatik mənbələrinə istinadən yazır: “Prezident Məsud Pezeşkian İranın nüvə proqramı ətrafında ABŞ ilə danışıqlara başlamaq göstərişi verib”.

Eyni mənbələrin məlumatına görə, qarşıdakı danışıqlar yalnız İranın nüvə proqramına həsr olunacaq və bu çərçivədən kənara çıxmayacaq. “Fars” xatırladır ki, son illərdə İran və ABŞ nüvə proqramı ilə bağlı vasitəçilər vasitəsilə beş raund danışıqlar aparıblar.

Agentlik qeyd edir: “Altıncı raundun başlanmasına bir neçə gün qalmış İsrailin İrana hücumu baş vermişdi”.

Eyni zamanda ABŞ prezidenti İranın ali rəhbərinin ölkəyə mümkün ABŞ hücumunun daha geniş münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlığından sonra da İranla nüvə proqramı üzrə razılığa gəlməyin hələ mümkün olduğuna ümid etdiyini bildirib. Donald Tramp deyib: “Əlbəttə, o bunu deməli idi. Amma bizim gəmilərimiz İrana çox yaxındır və bunlar dünyanın ən böyük, ən güclü gəmiləridir. Bir neçə gün də gözləyək, ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər əldə etməsək, onda biləcəyik ki, o haqlı idi, ya yox”, - deyə Tramp növbəti dəfə hədələyici açıqlama verib.

Ordu.az xəbər verir ki, rusiyalı analitik, şərqşünas Viktor Nadein-Rayevski mövcud vəziyyəti şərh edib.


Rayevskinin sözlərinə görə, ABŞ kifayət qədər mürəkkəb vəziyyətə düşüb, çünki zərbə ilə hədələyir, lakin dünya anlayır ki, mümkün nəticələrə görə bu qərarı vermək ABŞ üçün asan deyil.

Onun qiymətləndirməsinə görə, bu vəziyyət 12 günlük müharibədən sonra həm daxili, həm də xarici baxımdan müharibəyə fəal şəkildə hazırlaşan İranın mövqelərini möhkəmləndirir. Halbuki Qərb və İsrail İranın müqavimət imkanlarını zəiflətmək üçün fəaliyyətlərini davam etdiriblər.

“Danışıqlara başlamaqla bağlı söhbətlər hələ heç nə demək deyil. Bəzən bunlar sadəcə diqqəti yayındırmaq və ya çaşdırmaq məqsədi daşıyır. İran ətrafındakı vəziyyətlə bağlı elə hallar olub ki, danışıqlardan danışılıb, lakin bunun ardınca zərbələr endirilib, necə ki, 12 günlük müharibə zamanı baş verdi. Buna görə də düşünürəm ki, İranda bunu çox yaxşı anlayırlar, dolayı danışıqlara hazır olduqları barədə mesajlar verirlər. Amma hamı görür ki, ABŞ maksimalist tələblər irəli sürür və bunlar qəbulolunan deyil.

Əgər ABŞ mövqeyini yumşaltsa, danışıqlar mümkündür. Lakin düşünmürəm ki, ABŞ donanmanı mövqeləri yumşaltmaq üçün yaxınlaşdırıb. Bununla belə, demək lazımdır ki, ABŞ prezidenti proqnozlaşdırıla bilməz”, - deyə o bildirib.

Onun qənaətincə, Trampın addımları və bəyanatları razılaşma əldə etmək niyyətinin mövcud olduğunu göstərir.

Analitik qeyd edib: “Lakin məsələ ondadır ki, hansı şərtlərlə? Mənə elə gəlir ki, tərəflərdən heç biri mövqeyini yumşaltmayacaq. Bu elə bir vəziyyətdir ki, həm zərbə, həm də danışıqlar mümkündür. Amma bu gün İran daha hazırlıqlıdır, halbuki yanvar İran İslam Respublikası üçün çətin ay olub”.

Əli Laricaninin Moskvaya gözlənilməz səfəri və bundan sonra danışıqlara başlamaqla bağlı açıqlamasına gəlincə, şərqşünas hesab edir ki, bu iki hadisə böyük ehtimalla bir-biri ilə əlaqəlidir.

Rayevski deyib: “Rusiya İrana dəstək verir, bəzən vasitəçi kimi çıxış edir. Lakin Rusiyanın özünün də ABŞ ilə danışıqlar gündəliyi var və bu, təbii ki, Rusiyanın mümkün dəstək səviyyəsini azaldır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Rayevski  


Bizi "telegram"da izləyin